Image default
AZƏRBAYCAN DÜNYA

Vladimir Mesamed: “Azərbaycan kiminlə və necə dost olmağı İranla razılaşdırmamalıdır” – MÜSAHİBƏ

Yerusəlim Yəhudi Universitetinin əməkdaşı, tanınmış israilli şərqşünas, doktor Vladimir Mesamedlə müsahibəsi.

– Azərbaycanla İran arasında mövcud gərginliyi necə qiymətləndirirsiniz?

– Son iki-üç həftə ərzində Azərbaycanla İran sərhədində çox ciddi vəziyyət yaranıb. Prinsipcə, burada xüsusilə gözlənilməz bir şey yoxdur. Məsələ ondan ibarətdir ki, dost olmaq istəyən, lakin aralarında çoxlu ziddiyyətlərin olduğu iki ölkə çox sıx əlaqələr qurmağa çalışdıqda, həmişə belə olur. Görünən odur ki, İranda əhalinin təxminən 20 faizinin etnik azərbaycanlılar olduğunu nəzərə alsaq əslində tale özü hər iki ölkənin normal bir dialoq qurmasını zəruri edir. Bundan başqa, Azərbaycan və İranı müəyyən dərəcədə ümumi bir tarixi tale bağlayır. Bu, hər iki ölkənin yaxşı münasibətdə olması üçün verilən müəyyən mesajlardır.

Ancaq digər tərəfdən ayırıcı amillər də çoxdur. Azərbaycan dünyəvi bir ölkə olduğu halda, İran teokratik bir dövlətdir. Bəzi hallarda bu amil olduqca ciddi rol oynaya bilir. Bir aydan bir qədər əvvəl İranda Prezident İbrahim Rəisinin başçılıq etdiyi fundamentalistlər hakimiyyətə gəldi. Hökumətdəki bütün ən vacib vəzifələrə aşırı fundamentalistlər yiyələndi. Aydındır ki, bu, iki ölkə arasındakı münasibətlərdə yeni sarsıntılar yaradır. Və son 30 ildə istifadə olunan diplomatik ton, daha sərt məcraya keçərək bu gün baş verənlərdə özünü aydın göstərir.

Azərbaycanla İran arasında gərginliyin yaranması ilk dəfə deyil. Mən hətta deyərdim ki, bu, proqramlaşdırılıb. 30 illik dərin və qarşılıqlı faydalı ikitərəfli münasibətlər dövründə bu gərginlik həm Əbülfəz Elçibəyin Azərbaycanda, həm də mühafizəkar Mahmud Əhmədinejatın İranda prezidentliyi dövründə üzə çıxırdı. Son illər münasibətlər az-çox, nisbətən sakit məcraya yönəlmişdi, çünki İranda hakimiyyətdə olan liberallar Azərbaycanla mövcud ziddiyyətləri yumşaltmağa çalışırdı. Ancaq indi gərginlik yenidən üzə çıxdı və son həftələrdə iki ölkə arasındakı münasibətlərdə bu faktor üstünlük təşkil edir.

– Rəsmi Tehran Bakını İsrailin hərbi obyektlərini İranla sərhəddə yerləşdirməkdə günahlandırır. Bu doğrudanmı belədir?

– İran növbəti dəfə Azərbaycanı sərhəddə İsrailin hərbi obyektlərini yerləşdirməkdə günahlandırır. Bu İsraili bir nömrəli düşmən hesab edən İranı qıcıqlandırır. Buna görə də İsrailin Azərbaycanın aparıcı siyasi və ticarət tərəfdaşlarından biri olduğu deyildikdə bu Tehrana yarasına duz basılmış kimi təsir edir. İran İsrailin mövcudluğunu heç bir formada qəbul etmir. Üstəlik, İran hesab edir ki, Azərbaycan kimi bir ölkənin İsrail kimi dostu və tərəfdaşı olmamalıdır. Məhz bu məqamlar İran hakimiyyətini qıcıqlandırır. İran rəsmiləri Azərbaycanla sərhəddə İsrailin hərbi obyektlərinin olduğunu bildirir. Heç bir dəlil olmadan bu obyektlərin həqiqətən olub olmadığını söyləmək çətindir. Əslində bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev qarşı tərəfdən Azərbaycan ərazisindəki bu obyektləri göstərmələrini istədi. Azərbaycanla İsrail arasında ciddi hərbi-texniki əməkdaşlıq mövcuddur. İran yaxşı bilir ki, 44 günlük müharibədə Azərbaycanın qələbəsi böyük ölçüdə İsrailin Bakıya ən yeni silah və texnologiyalarla təmin etməsi ilə bağlıdır. Digər tərəfdən, bu qələbə uzun illər işğal olunmuş torpaqlarını azad etmək istəyən Azərbaycanın öz iradəsi ilə bağlıdır. Bu, İsrail silahlarının və bu prosesə bağlı olan digər amillərin gücü ilə baş verdi. Ona görə də İran hakimiyyəti son vaxtlar bu barədə açıq danışır. Onlar yalnız hərbi sahədə deyil, məsələn, Azərbaycan neftinin İsrailə tədarükü ilə bağlı digər əməkdaşlıq faktlarından da danışa bilərlər. Azərbaycan İsrailin neftə olan ehtiyacının 40-50 faizini təmin edir. Və Azərbaycan müstəqil bir dövlət olaraq kiminlə və necə dost olmağı İranla razılaşdırmamalıdır.

– Bundan sonra nə olacaq?

– Hesab edirəm ki, nə Azərbaycan, nə də İran gərginliyin daha da inkişaf etməsində maraqlı deyil. Ona görə də proses səngiməlidir. Müharibə, bir çox ortaq cəhətlərə malik olan ölkələr arasındakı mövcud gərgin vəziyyətin həll yolu ola bilməz.

– Siz Türkiyənin Cənubi Qafqazdakı rolunun güclənməsini necə qiymətləndirirsiniz?

– Türkiyənin Cənubi Qafqazı həyatı maraqları zonası hesab etdiyini nəzərə alan Ankara, Ermənistanla dialoq qurmağa çalışır. Türkiyənin Azərbaycan və Gürcüstanla kifayət qədər etibarlı əlaqələri var və 44 günlük müharibədə qazanılan qələbə buna əlavə stimul verdi.

– 44 günlük müharibədən sonra vəziyyəti necə qiymətləndirirsiniz?

– Mövcud hadisələr münaqişənin tam həll olunmadığını göstərir. Zamanla həll ediləcək bəzi təzahürlər qalır. Müharibənin nəticəsi olaraq tərəflər sülh müqaviləsi imzalamalıdır.  Azərbaycan, Rusiya və Ermənistan liderlərinin ötən ilin noyabrında imzaladığı üçtərəfli bəyanatdan daha aydın və daha çoxpilləli. Bundan sonra, fikrimcə, gərginliyin tədricən azalmasını gözləmək olar.

Kateqoriya üzrə digər xəbərlər

ABŞ-da partlayış qəsdən törədilibmiş

Admin

Yerevanda növbəti istefa: Polis rəisi ərizəsini təqdim etdi

Admin

Türkiyə İran sərhədinə QOŞUN YERİTDİ: 20 min əsgər, PUA-lar…

Admin

Şahzadə Harridən gözlənilməz açıqlama

Admin

Operativ Qərargahın maskadan əlavə sürpriz qərarları olacaq – VİDEO

Admin

Çin əsir götürdüyü hindistanlı hərbçiləri azad etdi

Admin

Şərh yazın