Image default
DÜNYA HƏRBİ

Ordumuzun qüdrətinə kölgə salmağa çalışan İran XİN rəhbərinə açıq mesaj – TƏHLİL

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkə televiziyasına müsahibəsi zamanı növbəti dəfə Azərbaycana qarşı fikirləri ilə gündəmə gəlib.

Nazir müsahibədə xalqların dostluğundan dəm vursa da, bir çox qərəzli fikirləri dilinə gətirməkdən çəkinməyib.

İlk növbədə iranlı nazir Müzəffər Azərbaycan ordusunun Qarabağda qazandığı şanlı qələbəyə kölgə salmağa cəhd edib. O, Qarabağın azad edilməsi zamanı bir sıra xoşagəlməz halların baş verdiyini qeyd edib. Abdullahian müharibə dövründə guya hansısa terror qruplaşmalarının bu bölgəyə gətirildiyini iddia edib.

İran XİN rəhbərinin ola bilsin ki, Ermənistan tərəfindən döyüşən Suriya və Livandan gəlmiş terrorçularla bağlı əlində faktlar var. Ancaq İran-Ermənistan münasibətlərindəki qarşılıqlı “sevgi” amili hətta belə bir fakt mövcud olsa belə, nazirin həmin faktı dilə gətirməyəcəyini deməyə əsas verir. Odur ki, diplomat çox güman ki, bununla növbəti dəfə ölkəmizə qarşı qərəzli fikir səsləndirib, yumşaq dillə desək, ikiüzlülüyə əl atıb. Dostluq münasibətlərinin tərifi ilə başladığın nitqdə öz dostuna heç bir əsasa sığınmadan böhtan atmaq elə İranın siyasi baxışlarına sığacaq bir riyakarlıq əlamətidir. Çünki İran son illər sadəcə bəyanat, açıqlama verməklə məşğuldur, əməli olaraq iflasa uğrayan siyasi xətt ölkəni uçuruma aparsa belə, İran rəsmiləri pafoslu açıqlamalarından əl çəkə bilmir. İranın bu “uğurlu” diplomatiya xətti ölkənin bütün dünyadan təcrid olunan qapalı ölkəyə çevrilməsi ilə nəticələnir. Amerikada dayaqları olmayan, Avropada isə bərabərhüquqlu tərəfdaş hesab edilməyən İran indi öz regionunda da nüfuzunu kəskin aşağı salır.

Haqq-ədalətin uzun illər sonra zəfər çaldığı bölgədə sanki kapitulyasiyaya imza atan Tehranmış kimi davranılır. İranın Ermənistan təəssübkeşliyi onun bütün nüfuzunu yerlə-bir edir.

Hər halda İranın öz ərazisində terror qruplaşmalarının at oynatdığı heç kimə sirr deyil. İranlı diplomat Azərbaycanı terrorçularla əməkdaşlıqda ittiham edəcək ürəklidirsə, o zaman bunu faktlara əsaslandırmalı idi. Faktlar olmadan verilmiş, təhrif olunmuş istənilən informasiya isə diplomatiya adına qara ləkə, rüsvayçılıq hesab olunmalıdır. Hər halda İran terrorla bağlı danışarkən ehtiyatlı olmalıdır, ən azı ərazisində fəaliyyət göstərən PJAK terror qruplaşmasını unutmamalı, ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror qruplaşması kimi tanıdığını da yadına salmalıdır. Odur ki, İran necə deyərlər öz gözündəki tiri görmədən, başqasının gözündə çöp axtarmamalıdır. Üstəlik də saxta iddia və böhtanlara əsaslanmaqla…

İranın Yaxın Şərqdə maliyyələşdirdiyi və hərbi dəstək verdiyi qruplaşmaları da diqqətdən kənar qoymaq olmaz. Həmin terror qruplaşmalarının fəaliyyətinin nəticəsi isə bu gün Yaxın Şərqdə hökm sürən qarışıq vəziyyətdə böyük rol oynayır.

İranlı nazirin bu sözləri sadəcə qüdrətli ordumuzun parlaq qələbəsinə kölgə salmaq üçün ermənipərəst mövqeyin ikrahdoğuran tərzdə ifadəsi idi.

Şanlı Azərbaycan ordusu öz qüdrəti hesabına tarixi ədaləti bərpa edib. Regionda terroru dövlət səviyyəsində həyata keçirən Ermənistanı cəbhədə mərdliklə mübarizə apararaq, heç bir təxribat və qanunsuzluğa əl atmadan qalib gəlib. Haqq mübarizəsinə kölgə salmaq cəhdi isə Hüseyn Əmir Abdullahianın danışdığı “mehriban dostluq münasibətlərinə” sığmır. Bu mövqe sadəcə onu göstərir ki, regionumuzu bürümüş erməni terroru, qeyri-sabitlik İranın maraqlarında olub, İran regiona sülh və əmin-amanlığın gəlməsində maraqlı olmayıb. Hər halda yeni yaranmış reallıqları qəbul etməməyə, işğala son verilməsini həzm edə bilməməyə, regiona sülhün qayıtmasına dözümsüz yanaşmağa başqa ad tapmaq çətindir.

Hüseyn Əmir Abdullahianın açıqlamasında da diqqət çəkən məqamlardan biri “sionist rejim” sözləridir. İran bununla artıq demək olar ki, bütün müstəvilərdə öz qorxusunu biruzə verməyə başlayıb. Azərbaycan-İsrail münasibətlərindəki yaxınlıq Tehran üçün elə bir cəhənnəm alovuna çevrilib ki, burada qorxudan yanan kim varsa mikrofon arxasına keçib təhdid xarakterli açıqlama verməyə başlayıb. Mücərrəd bir təhdid fonunda bu qədər əl-ayağa düşən və kimdən, nə üçün qorxduğu bəlli olmayan İranın məqsədi hələ də anlaşılmaz olaraq qalır.

“Qüdrətli”, “əzəmətli”, “böyük” İran neçə müddətdir ki, bir “sionist rejim” ifadəsinin ağırlığı altında əzilib. İsrailin regionda Azərbaycanla dostluq münasibətləri İranı dərindən sarsıb.

Artıq neçənci İran rəsmisidir ki, əslində təhdid dili ilə “biz çox qorxuruq” fikrini dilə gətirmiş olur. İran tərəfi açıqlamaları ilə kimlərəsə mesaj verdiyini zənn etsə də, əslində hər dəfə özünü rüsvay edir, “biz mövcud olmayan bir təhlükədən, az qala hər gün, hər dəqiqə onun barədə danışacaq qədər qorxuruq, biz hətta bu təhlükənin olması ehtimalı qarşısında belə o qədər acizik ki, özümüzü güclü göstərməklə təsəlli etməyə çalışırıq” deyir… Bu qorxunun kökündə isə İranın özünə inanmaması, özünü olduğundan daha “qüdrətli” qələmə verməsi dayanır. Çünki İran sözün bitdiyi yerdə heç bir fikrinin arxasında dayana bilməyəcəyini yaxşı bilir. Tehran görür ki, dediyinin arxasında dayanmaq, pafoslu bəyanatlar verməkdən daha çətindir. Odur ki, iranlı nazir sadəcə mesaj vermək məsələsində haqlıdır. İran elə mesaj verir ki, hər kəs onun qorxu və təşviş içində olduğunu dərhal anlayır…

İran diplomatiyasının rəhbəri təbii ki, öz müsahibəsində Ermənistanın qeydinə qalmaqdan da çəkinməyib. Azərbaycan ərazisindən keçən İran TIR-ları məsələsindən bəhs edərkən sadəcə özlərinin və Ermənistanın maraqlarını müdafiə edən açıqlama verib.

İranlı nazir burada da əsl məqamı – həmin TIR-ların uzun illər qanunsuz olaraq Qarabağa hər cür səfər etməsini gözardı edib. Görünür, nazir dərk edə bilmir ki, məsələnin əsl mahiyyəti heç də ölkələrarası ticarətdə deyil, İranın qanunsuz şəkildə Qarabağa daşınan “yardım”larındadır.

Dəfələrlə Azərbaycan tərəfi haqlı narazılığını ifadə etsə də, İran səssiz qalır, sadəcə özünə sərf edən məqamları hallandırmaqla məsələni əsl mahiyyətindən yayınmağa çalışır.

Əgər İran İsrail-Azərbaycan dostluğundan qorxursa, nəyə görə işğalçıya “böyük qardaş” olması faktına məhəl qoymur? Halbuki, beynəlxalq müstəvidə Ermənistanın işğalçı olması faktı təsdiqlənmişdi, ermənilər Qarabağda azərbaycanlıların dini və mədəni abidələrinə divan tutmuşdu. İslam dünyasına liderlik iddiasında olan İran öz “kiçik qardaşı”na bununla bağlı sərt mövqe nümayiş etdirmişdimi? Qarabağa səfər edən iranlı müsəlmanlar donuz saxlanılan məscidləri görəndə səsini çıxarırdımı?

Əlbəttə, yox. Məsələ Ermənistan olanda İranın gözü, dili və qulağı tutulur, nə ermənilərin etdiyi vəhşilikləri, dini-mədəni abidələrimizin dağıdılmasını, nə İran TIR-larının qanunsuz səfərlərini görür, nə eşidir, nə də bu barədə tək bir kəlimə səsləndirməyi özünə rəva bilir.

İran İslam Respublikası olmasına baxmayaraq, İslama ən böyük düşmənçiliyi edənləri himayə edirdi. Belə olan halda İran hansı “sionist” amildən danışmağa özündə haqq görə bilir? Üstəlik, bu amil də heç bir fakt və dəlilə istinad edə bilmir. Nədənsə yalnız Azərbaycan-İsrail dostluğu İran üçün təhdid hesab olunur.

Heç bir halda İran Ermənistanla bağlı mənfi bir məqamı özünə yaxın buraxmaq istəmir. Erməni sevgisi hətta İranın öz dininə, etiqadına olan baxışlarını da dəyişir. İranın bu təzadlarla dolu mövqeyi, regionda hansı maraqları güdməsi barədə suallar çoxdur.

Ancaq görünür İranın bu sualları ayıq başla cavablandıra biləcək bir diplomatı, rəsmisi yoxdur. Hər halda bu günə qədər verilən açıqlamalara baxsaq, bunu rahatlıqla deyə bilərik.

Bu halda yalnız bir şey qalır: Gözləmək. İranın öz qorxularından və “sevgi”sindən azad olaraq məsələlərə həqiqət prizmasında yanaşacağı, ən azı buna cəhd edəcəyi günün çatmasını gözləmək…

Kateqoriya üzrə digər xəbərlər

Türkiyəli repçi Azərbaycana dəstək oldu: “Vur, hadi, Azərbaycan” – VİDEO

Admin

Türkiyədə meşə yanğınları yenidən başladı

Admin

Ağlasığmaz cinayət: Qonaq getdiyi evdə uşaqları öldürdü – FOTO

Admin

İtaliya işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmalı olduğunu dəstəkləyir

Admin

Paşinyan Azərbaycanla sərhədin demarkasiyasını şərh edib

Admin

Rusiyada bir ailənin yeddi üzvü yanğın nəticəsində həlak oldu

Admin

Şərh yazın